Nigar Həsənzadənin poeziya gecəsi keçirilib

“Şirvanşahlar Sarayı Kompleksi”ndə tanınmış şair, publisist Nigar Həsənzadənin “Mənim Tanrım” adlı poeziya gecəsi keçirilib.
Təhlil.az xəbər verir ki, poeziya gecəsində xalq yazıçıları, mədəniyyət və incəsənət xadimləri, tanınmış simalar iştirak ediblər.
Şair Nigar Həsənzadə bildirib ki, onun yazdığı şeirlər Tanrı ilə təklikdə söhbəti və duaları əsasında ərsəyə gəlir.
Tədbirdə çıxış edənlər şairi Azərbaycan poeziyasının ən parlaq nümunəsi adlandırmaqla yanşı, onun qələmə aldığı misraların təkcə şeir olmadığını, insanların qəlbində dəyişiklik yaratdığını dilə gətiriblər.
Poeziya gecəsində şairin müxtəlif illərdə yazdığı şeirlər səsləndirilib. Duyğularını rus dilində qələmə alan şairin sənət nümunələrini Azərbaycan dilində Əməkdar artist Gülzar Qurbanova, aktyor Tural Əhməd, Elşən Əsgərov səsləndirib.
Şeirlər dilimizə Xalq şairi Sabir Rüstəmxanlı, şairlər Salam Sarvan, Arif Buzovnalı, Şəhriyar Delgerani tərəfindən tərcümə olunub.
Qeyd edək ki, Nigar Həsənzadənin şeirləri Almaniya, İtaliya, Türkiyə, Polşa, Çin və Misirin ədəbiyyat jurnallarında dərc olunub, Böyük Britaniya Mətbuatında işıq üzü görüb. Böyük Britaniya kitabxanası 2009-cu ildə şairin adını orada yaşayan 10 ən yaxşı əcnəbi şair siyahısına salıb. Nigar Həsənzadənin şeirləri öz ifasında kitabxananın audioarxivinə daxil edilib. Beş kitab müəllifi Nigar Həsənzadə Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə 2021-ci ildə “Tərəqqi” medalına layiq görülüb.