Azərbaycanda xərçəng xəstələrinin sayı 73 minə çatdı - RƏSMİ

2024-cü ildə ölkədə 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyata alınıb.
Təhlil.az xəbər verir ki, bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikasını ortaya qoyur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da bildirilir ki, xəstələrin 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadındır. Bu da o deməkdir ki, qadınlar arasında xərçəngə tutulma halları kişilərdən xeyli çoxdur.
Əvvəlki illə müqayisədə də artım aydın görünür. Belə ki, 2023-cü ildə xərçəng diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 69 435 nəfər olub. Onlardan 25 840-ı kişi, 43 595-i isə qadın olub.
Artım təkcə rəqəmlərlə deyil, həm də ictimai səhiyyə üçün çağırışlarla ölçülür. Xərçəng xəstələrinin sayındakı bu yüksəliş müvafiq qurumlar qarşısında erkən diaqnostika, profilaktika və müalicə imkanlarının genişləndirilməsi kimi prioritetləri daha da önə çıxarır.